Ağız, çənə və üz zədələri

Çənə və üz sınıqları

Üz-çənə nahiyəsinin zədələnməsi həm çənənin estetikasına, həm də funksiyasına təsir edir.  Üzün bu bölgəsi insanlarla əlaqə zamanı ən çox diqqət edilən, göz önündə olan hissəsi olduğu üçün müalicənin əhəmiyyəti daha da artır.

Günümüzdə üz travmalarına çox rast gəlinir. Nəqliyyat vasitələrinin sayının artması, sərxoş vəziyyətdə avtomobilin idarə olunması, sürət həddinin aşılması, təhlükəsizlik kəmərini taxılmaması, hündür yerdən yıxılma, münaqişə və intihara cəhd halları üz nahiyəsində yumşaq və bərk toxumalara xəsarət yetirir. Üz nahiyəsinin travmalarında yumşaq toxumalar zədələnməsə belə sümük qırıqları baş verə bilər. Statistikaya əsasən yetkin insanların (40 yaşa qədər) 40%-inin ölüm səbəbi travmadır. Həm də travma səbəbi ilə işin itirilməsi halları, xərçəng və ürək xəstəliklərinin səbəb olduğu iş itkilərindən daha çoxdur. Bu statistikanı nəzərə alsaq, travmanın insan həyatında nə qədər əhəmiyyətli olduğu ortaya çıxır.

Bir çox ölkələrdə üz travmalarının əsas səbəbi kimi yol qəzası göstərilir. Digər faktorlara isə münaqişə, yıxılma və güllə yaralanmalarını nümunə göstərə bilərik. Avropada isə siyahının başında  35,6% ilə yol qəzaları, Amerikada 69% ilə zorakılıqdır. Türkiyədə isə ümumi qəbul edilmiş bir nisbət yoxdur. Əsasən 32,4% ilə yol qəzaları, 32% ilə zorakılıq və 27,1% ilə yıxılma hallarını səbəb kimi göstərmək mümkündür. 16 yaşdan kiçiklərdə isə ən çox rast gəlinən səbəb yıxılmadır. 

Üz-çənə yaralanmaları iki fərqli hissəyə təsir edir: üz nahiyəsinin yumşaq toxumaları və üz skeletini təşkil edən sümüklər. Yumşaq toxumaların zədələnməsindən tutmuş sümük qırıqlarına qədər üz zədələrinin müalicəsi müxtəlif cərrahi üsullarla həyata keçirilir. Yumşaq toxumaların zədələnməsi ilə müşayiət olunan üz-çənə sınıqları ağır üz travması nəticəsində baş verir və bu zədələrin müalicəsi daha ciddi cərrahi müdaxilə tələb edir.

Üz-çənə nahiyəsinin travmatik zədələnmələri nevroloji, oftalmoloji, aerodigestive, skelet, otolarinqoloji və ya yumşaq toxuma zədələri ilə müşahidə edilə bilər. Buna görə də üz cərrahı üz travmasının xarakterini hərtərəfli bilməlidir. Belə ki, orofasiyal travması olan xəstələrin müalicəsində problem texniki məhdudiyyətlərdən yox, mövcud zədənin vəziyyətini müəyyən edə bilməməkdən yaranır.

Önəmli orqanların da təsirləndiyi kraniyofasial sınmalarda ilk növbədə həyati risk aradan qaldırılmalı, daha sonra müalicə prosesinə başlanılmalıdır. Buna görə də üz-çənə cərrahı qəza keçirmiş xəstənin ümumi sağlamlıq vəziyyəti uyğun olduqda cərrahi müdaxilə etməlidir. Həyati təhlükəsi olanlarda və ya tənəffüs, nevroloji və ürək-damar sisteminin vəziyyəti ağırlaşanlarda sınıqların əsas müalicəsi vəziyyət sabitləşənə qədər gecikdirilə bilər.

Zədə almış insanın ilkin sağlamlıq vəziyyəti yaxşı dəyərləndirilməlidir.

Zədə almış pasiyetin ilkin vəziyyətinin dəyərləndirilməsi və müdaxilə

Üz-çənə yaralanmalarına müdaxilə üçün müəyyən edilmiş prinsiplər var. Bu prinsipləri iki əsas başlıq altında sadalaya bilərik. Həyati təhlükə əsnasında təcili müdaxilə və uzun müddətdə planlı müalicə tələb edən müdaxilə.

Kəskin travmalı xəstədə aşağıdakı təcili müalicə protokolu tərtib edilmişdir. Bu təcili müalicə protokolunun ilk üçü yol qəzalarında ilk yardım şüarı kimi tanınan “ABC” protokoludur.

Travma xəstələrində təcili müalicə protokolu:

A: Airway (hava yolunun bərpası)

B: Breathing (tənəffüsün bərpası)

C: Circulation (qan dövranının bərpası)

D: Disability (nevroloji qiymətləndirmə)

E: Exposure (xəstənin paltarının çıxarılması)

F: Foley zondunun taxılması

G: Gastric (mədə zondunun daxil edilməsi) 

Kəskin travmalı xəstə ilk növbədə reanimasiyaya daxil edilməli, mövcud xəstəlikləri aşkar edilməli və hərtərəfli fiziki müayinə aparılmalıdır.

Xəstənin qəza baş verən yerdən daşınması zamanı alınacaq ehtiyat tədbirləri çox əhəmiyyətlidir. Bu tədbirlərin başında tənəffüs yollarının təmin edilməsi, qanaxmanın dayandırılması və qan dövranının bərpa edilməsi dayanır. Xəstəxana şəraitində isə qanaxmanı dayandırmaq üçün daha effektiv yanaşmalar həyata keçirilir. Çənə arteriyasında kəskin qanaxmanın dayandırılması, lingual arteriya və ya karotid arteriyanın bağlanması bu müdaxilələrdən bəziləridir. Tənəffüs yolunun bərpası, şokla mübarizə, kəllə, döş qəfəsi və qarın travmalarının vəziyyətinin aşkar edilməsi kimi prosedurlara diqqət edilməlidir. Bundan sonra çənə sınıqları üçün splintləmə, yumşaq toxumaların zədələnmələri üçün təcili yardım tələb olunur. İnfeksiyaların qarşısının alınması, ağrıların aradan qaldırılması və xəstənin qidalanmasının təmin edilməsi təcili müalicənin digər addımlarıdır.

Üz-çənə zədələri ağırdırsa, dərhal, daha yüngüldürsə, bir neçə gün ərzində müalicə edilməlidir. Bu vəziyyət xəstənin multisistem travması olub-olmamasına görə planlanır. Üz zədələrinin müalicəsi zərurət yarandıqda iki həftədən çox gecikdirilə bilər. Lakin bu, reduksiya və düzgün fiksasiyanı çətinləşdirir və sağalmanı gecikdirir. Mürəkkəb zədələrin müalicəsi koordinasiyalı yanaşma və rekonstruktiv cərrahiyyə prinsipləri əsasında operativ şəkildə aparılmalıdır.

Üz-çənə sınıqlarında müalicə prinsipləri üç əsas başlıq altında izah edilə bilər:

  • Sınıqların birbaşa üzə çıxarılması
  • Reduksiya və daxili fiksasiya (sümüklərarası naqillər, mini və mikroplitələr, vintlər, rekonstruksiya və sıxılma lövhələri və s.)
  • Sümük transplantasiyası 


Ağır toxuma zədələnməsi və ya sümük itkisi mümkün qədər tez sümük transplantasiyası ilə əvəz olunur. Sümük konturlarında çatışmazlıqlar varsa, ilkin müdaxilə zamanı greftlərlə gücləndirilə bilər. Bu üsullar ilkin və təcili yardım zamanı ən ağır toxuma zədələnməsini belə bərpa etməyə və ikinci deformasiyaların baş verməsini minimuma endirməyə imkan verir. Xarici fiksasiya üsullarına nadir hallarda ehtiyac duyulur.

Yekun olaraq

Üz-çənə yaralanmalarında xəstə multisistem zədəsinin olub-olmaması və fövqəladə hallarda prioritetlərin müəyyən edilməsi əsasında müalicə edilir. Vəziyyəti stabil olan xəstələrdə daha uzunmüddətli müalicə çərçivəsində sınıqlar bərpa olunur, sümüklərarası fiksasiyalar tətbiq edilir, yumşaq toxumaların plastikası aparılır. Panfasial sınıqlara bənzər sınıqlarda sərt daxili fiksasiyalarla sabit oklüzal, funksional əlaqə və fasial estetikası əldə edilir.

Post Tags:

Çənə və üz sınıqları

Dr. Cavid İxtiyarov

Ağız, diş və çənə cərrahiyyəsinin ən son metodikalarla həyata keçiririk. Məqsədimiz sizin sağlamlığınızdır.

Bizi izləyin

Sualınız var?

Qeyd edilən nömrə ilə əlaqə saxlayaraq qəbula yazıla bilərsiniz.